​İlham Əliyev: "Beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistanı işğala son qoymağa məcbur etməlidir"

​İlham Əliyev: "Beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistanı işğala son qoymağa məcbur etməlidir" "Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur"
Xarici siyasət
10 Mart , 2016 23:40
​İlham Əliyev: Beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistanı işğala son qoymağa məcbur etməlidir

Bakı. 10 mart. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı zamanı bildirib.

"Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki, televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu, qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır.

Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır", - deyə dövlət başçısı qeyd edib.

Prezident bu il Azərbaycanın öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcəyini xatırladıb:

"Bu illərdə, xüsusilə müstəqilliyin ilk illərində biz vətəndaş müharibəsi, humanitar böhran, işğal, təcavüz, iqtisadi çətinliklər və deyərdim, iqtisadi iflasdan əziyyət çəkmişik. Azərbaycan terror hücumlarının hədəfinə çevrilib. 1990-cı illərin əvvəlində erməni terror təşkilatları dəfələrlə mülki vətəndaşlara qarşı terror aktları törədiblər. Bu gün təəssüf ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə həll olunmamış qalır.

Müstəqillik illərində ölkəmizin böyük uğurlara nail olaraq, müasir, sabit, proqnozlaşdırıla bilən, özünü təmin edən dövlətə çevrilməsinə baxmayaraq, bu münaqişə öz həllini tapmalıdır. Onun üçün həll olunmalıdır ki, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə qayıtsın, zorakılığa son qoyulsun və regionumuzda sülh bərqərar olunsun. Belə olmadığı halda bütün ölkələr əziyyət çəkəcəkdir. Azərbaycanın tarixi və hüquqi ərazilərini işğal edən Ermənistan bundan bəhrələnə bilməmişdir. İqtisadi çətinliklər, təcridolunma, miqrasiya və yoxsulluq həmin təcavüzün və işğalın nəticəsidir".

İlham Əliyev diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. O bütün beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bəyan edib:

"Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə aparılmışdır. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul edib. Təəssüf ki, bu qətnamələr həyata keçirilməyib.

Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür".

Prezident vurğulayıb ki, bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur:

"Bunun başlıca səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmiş ərazilərin özlərinin qeyri-qanuni nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər. Bu isə mümkünsüzdür – status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üç ölkə - Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrlə çıxış edərək status-kvonun qəbuledilməz və dəyişməli olduğunu bəyan etmişdir. Buna nail olmaq üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır".

İlham Əliyev hesab etdiyini bildirib ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli olmalıdır və proses davam edir.

"İkincisi isə beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur", - deyə o əlavə edib.

Dövlət başçısı işğal edilmiş ərazilərdə hər şeyin darmadağın edildiyini xatırladıb:

"ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərib və hər iki halda onların hesabatları real vəziyyəti əks etdirib. Bu, bizə də məlumdur. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılıb. Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir – eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq".

Prezidentin sözlərinə görə, "1990-cı illərin əvvəlində üzləşdiyimiz bu vəziyyətə və humanitar böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edib. Yeri gəlmişkən deyim ki, həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici bizdə idi – 1 milyondan artıq insan doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O zaman bizim əhalimizin sayı təqribən 8 milyona bərabər idi. Yəni, biz humanitar böhranın öhdəsindən gəlməyi bacaran ölkəyik".

"O vaxtkı Azərbaycan bugünkü Azərbaycandan fərqli idi. Yoxsul, müstəqilliyini yeni bərpa etmiş, iqtisadiyyatı bərbad vəziyyətdə və sənayesi dağılmış olan ölkənin gələcək ilə bağlı perspektivləri yox vəziyyətində idi. Əsas məqsədimiz dövlətimizi qurmaq, güclü iqtisadiyyat yaratmaq, ölkəni xarici sərmayələr üçün açmaq və dünyanın bazar iqtisadiyyatı sisteminin tərkib hissəsinə çevrilməkdən ibarət idi.

Biz buna nail ola bildik. Bu gün ölkə sabitdir və biz islahatları davam etdiririk", - deyə Azərbaycan prezidenti söyləyib.

Son xəbərlər

Orphus sistemi