Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir

Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq ikiüzlülərin oyunudur. Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq.
Xarici siyasət
23 Oktyabr , 2024 11:21
Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir

Neft dövlətini COP29 üçün uyğun olmayan ev sahibi adlandırmaq riyakarların oyunudur. Azərbaycan BMT-nin iqlim konfransına ev sahibliyi edəcək sayca 28-ci neft və qaz istehsal edən dövlət olacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Financial times"da dərc olunan məktubunda deyilir.

Onun sözlərinə görə, bu siyahıdan çıxan yeganə ölkə İsveçrə olub. Üstəlik, dünyada hər bir dövlət istisnasız olaraq qalıq yanacaq istehlakçısıdır.

“Buna görə də Azərbaycanın qarşısına hansı məqsədlər qoyduğunu və nəyə nail olmağı planlaşdırdığını soruşmaq daha məqsədəuyğun olardı” deyən H.Hacıyev əlavə edib ki, ölkə müraciətinin qəbul olunacağını gözləmirdi – Ermənistanın buna mane olacağına əmin idi.

“Təxminən 30 il ərazimizin beşdə bir hissəsini işğal altında saxlamış qonşu Ermənistan ötən ilin dekabrında iki ölkə arasında davam edən sülh danışıqları çərçivəsində Azərbaycanı COP29-a ev sahibliyi edəcək tərəf kimi dəstəkləməyə razılıq verib”, – prezidentin köməkçisi qeyd edib.

Onun sözlərinə görə, danışıqlar davam edir və mühüm irəliləyiş əldə olunub. Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyalar fəal şəkildə işləyir.

“Bir çoxları COP29-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istəyir. Lakin Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları yer alır. Sülh sazişini hansı sürətlə tamamlaya biləcəyimiz, əsasən Ermənistanın bu məsələdə nə qədər sürətlə irəliləyəcəyindən asılıdır. Bunu ləngimə adlandıran tənqidçilər sual verməlidirlər ki, əgər keçmiş düşmən hələ də onların ərazisinə iddia edirsə, onlar sülh müqaviləsi imzalayarlarmı” deyən H.Hacıyev əlavə edib ki, COP29-dan əvvəl sülh sazişinin imzalanıb-izmzalanmayacağından asılı olmayaraq, bu, sülh COP-u olacaq.

29-cu konfransda qalıq yanacaqdan qlobal keçidi reallığa çevirmək üçün maliyyə hədəfi (Yeni Kollektiv Kəmiyyət Məqsədi) göstəricisinin artırılmasına diqqət yetiriləcək.
Bundan əlavə, Azərbaycan İqlim Fondu yaradıb və digər neft və qaz hasil edən ölkələrin və bu biznesdə iştirak edən şirkətlərin fonda investisiya qoyacağını gözləyir.

“Bu, bir neft və qaz istehsalçısının keçidi necə həyata keçirə biləcəyini nümayiş etdirir. Biz təkcə regionda ən böyük bərpa olunan enerji layihələri həyata keçirmirik, həm də qalıq yanacaq ixracından “yaşıl enerji”nin ixracına keçid edirik. Azərbaycan Aİ ilə tərəfdaşlıqda Xəzər dənizinin külək enerjisini Avropa ilə əlaqələndirmək üçün Qara dənizin dibi ilə elektrik kabeli layihəsi hazırlayır. Xarici enerji bazarlarına istiqamət verən tələbə təsir edə bilməsək də, təklif tərəfini dəyişirik”, - məktubda bildirilib.

Onun sözlərinə görə, Azərbaycan COP-u qəbul edir, çünki ölkə sülh yolundadır. “Biz COP-da qalıq yanacaqdan bərpa olunan enerji mənbələrinə özümüzün də fəal şəkildə həyata keçirdiyimiz ədalətli keçidi maliyyələşdirmək üçün yeni fondların yaradılmasını dəstəkləyəcəyik”, - H.Hacıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi