​Heydər Əliyev Fondunun prezidenti Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində iştirak edib

​Heydər Əliyev Fondunun prezidenti Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində iştirak edib “Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olub”
Xarici siyasət
24 Fevral , 2016 12:39
​Heydər Əliyev Fondunun prezidenti Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılış mərasimində iştirak edib

Bakı. 24 fevral. REPORT.AZ/ Fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Əvvəlcə Mehriban Əliyeva Romadakı Massimo Sarayına gələrək burada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı təqdimatda iştirak edib.

Muzeyin direktoru Rita Paris Mehriban Əliyevanı və digər qonaqları salamlayıb.

Professor Fabrizio Biskonti Roma katakombalarının bərpasına göstərdiyi diqqətə görə Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirib. O, katakombaların tarixi barədə məlumat verərək onların bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bərpa işlərindən sonra əldə edilən nəticələrin möhtəşəm olduğunu deyib. “Heydər Əliyev Fondunun dəstəyi ilə biz tarixi məkanı qoruya bildik”, - deyən F.Biskonti iştirakçılara katakombalardakı freskaların mövzusu barədə də məlumat verib.

Sonra katakombaların bərpasından bəhs edən filmin nümayişi olub. Filmdə bərpa işlərinin gedişi və onun texniki-yaradıcı tərəfləri barədə geniş məlumat verilib, Heydər Əliyev Fonduna dünya mədəni irsinin qorunmasında, həmçinin katakombaların bərpasındakı xidmətlərinə görə minnətdarlıq ifadə olunub.

Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi Müqəddəs Marçellinio və Pietro katakombalarının dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olduğunu vurğulayıb. Müsəlman ölkəsi olan Azərbaycanın Heydər Əliyev Fondu isə bu mənəvi dəyərin yaşamasına böyük dəstək verdi. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdiyini, lakin müsbət cavab almadığını deyən kardinal Ravazi yalnız Heydər Əliyev Fondunun bu çağırışa cavab verdiyini diqqətə çatdırıb.

Mehriban Əliyeva mərasimdə çıxışında deyib ki, layihənin belə gözəl təqdimatına görə təşəkkür edib: “Çox ətraflı və maraqlı təqdimat oldu. Heydər Əliyev Fondu haqqında və mənim fəaliyyətim barədə deyilən sözlərə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çox geniş qardaşlıq, dostluq, əməkdaşlıq qurulub. Heydər Əliyev Fondu ilə Vatikanın Mədəniyyət Nazirliyi arasında son illər humanitar sahədə olan əməkdaşlıq ümumi əməkdaşlığımızın bir hissəsidir. Mən bu əməkdaşlığın qurulmasında kardinal Ravaziyə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son illər keçirilən bütün tədbirləri yenidən sadalayaraq təkrarlamaq istəmirəm, amma qeyd etmək istəyirəm ki, bu əməkdaşlığın möhkəmləndirilməsində hörmətli kardinal Ravazinin xüsusi rolu vardır. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası məsələsini də məhz kardinal Ravazi təklif etdi və biz bu layihəni birlikdə sona çatdırdıq. 2014-cü ildə mənə həmin katakombaları görmək nəsib oldu və unudulmaz hisslər keçirdim. Orada aparılan bərpa işləri ilə tanış oldum və həm müasir texnologiyalardan istifadə edildiyini, həm də orada işləyən insanların çox incə əl işlərini gördüm. Fürsətdən istifadə edərək katakombaların bərpasında əməyi olan hər bir insana, xüsusilə də professor Biskontiyə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli dostlar, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olub. Asiya ilə Avropa arasında yerləşən ölkəmizin mədəni müxtəlifliyinə bu coğrafi yerləşmə öz təsirini göstərib. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində qorunub saxlanılıb.

Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və yenə də tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür. Ölkəmizdə heç vaxt dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, dini münasibətlər çox sağlam zəmində qurulub. Biz bütün dini tədbirləri, bayramları birgə keçiririk. Bizim din xadimlərimiz hər zaman birlik nümayiş etdirir. Əlbəttə, cəmiyyətdə hökm sürən tolerantlıq və dözümlülük ab-havası Azərbaycan xalqının yaşam tərzidir.

Əfsuslar olsun ki, son zamanlar dinlərarası münasibətlərdə böhran yaşayır. Biz islamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsini görürük. Dini zəmində qanlı toqquşmalar, münaqişələr baş verir. Minlərlə günahsız insan həlak olur, milyonlarla insan öz doğma yurdlarını tərk edib qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur qalır. Eyni zamanda, sərhədlər bağlanır, antimiqrant meyilləri güclənir. Əminəm, bu hallar bizim hər birimizi narahat edir və bu gün Azərbaycanın dünyaya mesajı ondan ibarətdir ki, multikulturalizm mümkündür. Azərbaycanda müşahidə olunduğu kimi, müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar, müxtəlif mədəniyyətlərin nümayəndələri birgə sülh və qardaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycan müsəlman aləminin ayrılmaz bir hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə güclü əlaqələr birləşdirir. Biz siyasi, iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlıq qurmuşuq. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan nadir ölkələrdən biridir. Bu il ölkəmizdə “Multikulturalizm ili” elan olunub və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.

2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları böyük uğurla keçirildi. Bu Oyunlarda Avropanın 50 ölkəsini təmsil edən 6 mindən çox idmançı iştirak etdi. 2017-ci ildə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu, bizim Qərb və Şərq dəyərlərinə eyni mövqedən yanaşdığımızın və ayrı-seçkilik etməməyimizin sübutudur.

Hörmətli qonaqlar, mən çox şadam ki, bu gün biz bir layihəni başa çatdırırıq, eyni zamanda, digər layihəyə start veririk. Yəni, bizim əməkdaşlığımız davam edir. Fikrimcə, belə münasibətlər, belə əlaqələr dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah formasıdır. Mən bu gün fəxr edirəm ki, Azərbaycan dövləti xristian abidələri sırasında öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verib. Bərpa işlərində əməyi olan hər bir insana bir daha dərin minnətdarlığımı bildirirəm. Hörmətli kardinal Ravaziyə bu əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Bizim gələcək əməkdaşlığımıza böyük ümidlərlə baxıram. Çox sağ olun”.

Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Massimo Sarayı muzeyində saxlanılan şah əsərlərlə tanış olub. İtaliya paytaxtının ən məşhur muzeylərindən biri olan Massimo Sarayında klassik dünya incəsənətinin kolleksiyaları toplanıb. Muzeydə qədim Roma mədəniyyətinin eramızdan əvvəl II əsrindən eramızın V əsrinədək olan dövrünə aid heykəltəraşlıq nümunələri, freskalar, mozaikalar, sikkələr və müxtəlif qızıl işləmələr qorunur. Muzeyin önəmi burada tarix, mifologiya və qədim Romanın gündəlik həyatını eyni vaxtda vəhdətdə görməyin mümkünlüyüdür. Eyni zamanda, qədim yunan heykəlləri, respublika və imperiya dövrünə aid portretlər, Augusto Pontefice Massimonun heykəli də muzeyin qiymətli inciləri sırasındadır. Birinci mərtəbədə heykəltəraşlığın şah əsərləri nümayiş olunur. Freska və mozaikaların üstünlük təşkil etdiyi divarlar, varlı Roma malikanələrinin ev dizaynını əks etdirən əsərlər isə ikinci mərtəbədədir. Burada geniş sikkə kolleksiyası, həmin dövrə aid mebellər və ləl-cavahiratlar da qorunur.

Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra girişdə katakombaların Heydər Əliyev Fondu tərəfindən bərpa olunmasının əks olunduğu lövhənin üzərindən ağ örtük götürülüb.

Katakombalarla tanışlıq zamanı bildirilib ki, 2012-ci ildən etibarən həyata keçirilən bərpa işləri ən yüksək səviyyədə icra olunub. Bərpa zamanı innovativ metodlardan, müasir texnologiyalardan istifadə edilib.

Xatırladaq ki, müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilir. İtaliya mətbuatı və ictimaiyyəti tərəfindən Fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qiymətləndirilir.

Sonda mərasimə gələnlər və kardinal Ravazi bir daha Mehriban Əliyevaya bu xeyirxah fəaliyyətinə görə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi