Harri Dobbs: İpək Yolu şəhərləri XXI əsrin urbanizasiyası üçün model ola bilər

Xarici siyasət
  • 22 may, 2026
  • 13:09
Harri Dobbs: İpək Yolu şəhərləri XXI əsrin urbanizasiyası üçün model ola bilər

Qədim İpək Yolu şəhərləri Mərkəzi Asiyada XXI əsrin müasir xidmət şəhərlərinin yaradılması üçün ideya mənbəyi ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Harry Dobbs Design"ın təsisçisi və baş memarı Harri Dobbs WUF13 çərçivəsində bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyada yeni şəhərlərin müasir layihələrini yalnız texniki və ya infrastruktur təşəbbüsləri kimi nəzərdən keçirmək mümkün deyil, çünki onların dərin tarixi və mədəni konteksti var.

Dobbs qeyd edib ki, regionda müasir urbanizasiyanın əhəmiyyətli hissəsi faktiki olaraq İpək Yolunun qədim ticarət və mədəni əlaqələrinə qayıdış deməkdir.

Dobbsun sözlərinə görə, Qazaxıstandakı yeni Alatau şəhərinin layihəsi mədəni cəhətdən əlaqəli, "ağıllı" və inteqrasiya olunmuş xidmət şəhəri kimi nəzərdən keçirilir.

O qeyd edib ki, Alataunun inkişafı Çin - Qərb dəmir yolu marşrutu da daxil olmaqla, nəqliyyat və logistika dəhlizləri ətrafında qurulacaq.

"Bu gün texnologiyalar bizi urbanizasiyanın ekoloji, sosial və texniki çağırışlarını əvvəllər mövcud olmayan üsullarla həll etmək üçün alətlərlə təmin edir", - memar əlavə edib.

44 - Tezliklə