Hacıbala Abutalıbov İranın Mazandaran vilayətinə səfərə dəvət olunub

Hacıbala Abutalıbov İranın Mazandaran vilayətinə səfərə dəvət olunub Mazandaran vilayəti Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı planlaşdırır
Xarici siyasət
15 Aprel , 2015 15:11
Hacıbala Abutalıbov İranın Mazandaran vilayətinə səfərə dəvət olunub

İran, Sari. 15 aprel. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov İranın Mazandaran vilayətinə səfərə dəvət olunub. "Report"un İranda səfərdə olan əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mazandaran vilayətinin valisi Rəbifəllah Cilodər deyib.

O qeyd edib ki, bununla bağlı müvafiq orqanlara müraciət edəcəklər. R.Cilodərin sözlərinə görə, Mazandaran vilayəti Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı planlaşdırır: "Azərbaycan və İran qədim ortaq tarixi və mədəni köklərə malikdir. Bu baxımdan iki qonşu dost və qardaş ölkələrin əlaqələri yüksək olmalıdır". 

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu vurğulayan R.Cilodər əlaqələrin genişlənməsində maraqlı olduqlarını deyib: "Biz ikitərəfli münasibətləri inkişaf etdirmək üçün turizm, kənd təsərrüfatı, meyvəçilik, balıqçılıq, tikinti, kənd təsərrüfatı texnikası, quşçuluq, sənaye məhsulları sahəsində əməkdaşlıq müqavilələri imzalamağa hazırıq. Əminəm ki, yaxın gələcəkdə bu sahələr üzrə əlaqələri inkişaf etdirmək üçün konkret nəticələrə nail ola biləcəyik. Bundan əlavə, biz qarşılıqlı biznes forumları, sərgiləri və mədəniyyət əlaqələrinin inkişafı üçün tədbir keçirilməsini planlaşdırırıq. Biz bu kimi tədbirlərlə əlaqələrimizin inkişafına nail olmaq istəyirik".

Vilayətin başçısı bildirib ki, bu məqsədlə Azərbaycanın İrandakı səfiri ilə görüşüb, əlaqələrin inkişafı ilə bağlı bütün məsələləri müzakirə etmək niyyətindədir: "Ümid edirəm ki, ilin sonuna kimi buna nail ola biləcəyik. Mazandaran vilayətinin Bakı ilə birbaşa gəmi reysinin açılmasını planlaşdırırıq. Dəniz nəqliyyatı xəttinin açılması Mazandaran ilə Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək. Düzdür, hazırda Azərbaycanla İranın bəzi limanları arasında dəniz əlaqələri var, lakin bunların fəaliyyəti bizi qane etmir. Ona görə də biz birbaşa dəniz reysinin açılmasını istəyirik və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yaxın bir iki il ərzində bu reysin açılmasını gözləyirik".

R.Cilodər Mazandaran vilayətinin mərkəzi Sari şəhərində konsulluq şöbəsinin açılmasını təklif edir. Onun sözlərinə görə, konsulluğun açılması ilə bağlı məsələ İran Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq: "Əgər Azərbaycan tərəfi buna razılıq verərsə, bunu yaxın zamanda həyata keçirməyə hazırıq. Çünki konsulluğun açılması əlaqələrimizin inkişafında müstəsna rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi