Bakı. 15 dekabr.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, ölkələr ilk növbədə müstəqilliyini və suverenliyini möhkəmləndirməlidir: “Bilirsiz ki, bəzi ölkələr, o cümlədən Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşir. Təhlükəsizlik məsələləri GUAM ölkələrinin rəhbərlərinin bəyanatlarında əksini tapıb. Düşünürəm ki, Azərbaycanın və digər ölkələrin ərazi bütövlüyü bərpa edilməlidir”.
Nazir xatırladıb ki, GUAM ölkələri bir çox sahələrdə əməkdaşlıq edir: "Ölkələrin iqtisadi potensialı inkişaf etdirilməlidir. GUAM ölkələrinin yerləşdiyi coğrafiya imkan verir ki, nəqliyyat potensialından da istifadə edək. Biz bununla Avropa ilə Asiyanı birləşdirə bilərik. Bunun üçün ölkələrin sərhədləri yüksək səviyyədə qorunmalıdır. Yəni, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Nəqliyyat sahəsində əməkdaşlıqla bağlı baş nazirlərin Ukraynada görüşü keçirilə bilər”.