Fərid Abdinbəyov: Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır
- 20 noyabr, 2026
- 19:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cənubi Qafqazda Koreya Respublikasının ən böyük iqtisadi və ticarət tərəfdaşı olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov Cənubi Koreyanın Dövlətin Yaranması Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, ticari-iqtisadi əlaqələrin inkişafı ikitərəfli gündəliyin prioritetlərindən biri olaraq qalır. Azərbaycan strateji iqtisadi məqsədlərə nail olmaqda Koreyanı etibarlı tərəfdaş kimi nəzərdən keçirir və Koreya şirkətlərinin və investorlarının ölkə iqtisadiyyatına artan marağını alqışlayır.
"Məqsədlərimizi konkret işgüzar imkanlara və investisiya layihələrinə çevirmək üçün ikitərəfli ticarətin təşviqi üzrə mövcud mexanizmlərdən, ilk növbədə, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyadan tam istifadə olunmasına xüsusi önəm veririk", - o qeyd edib.
Diplomat vurğulayıb ki, "Silk Way West Airlines"ın Koreyaya müntəzəm yük reysləri ticarətin inkişafına kömək edir. O, həmçinin Azərbaycanın 2026-cı il iyulun 1-dən adi Koreya pasportu sahibləri üçün birtərəfli qaydada tətbiq etdiyi müvəqqəti vizasız rejimin turist axınını artıracağına, iqtisadi əməkdaşlığı və vətəndaşlar arasında əlaqələri genişləndirəcəyinə ümidvar olduğunu bildirib.
F.Abdinbəyov təhsil sahəsində Azərbaycan Dövlət Neft Fondu tərəfindən tam dəstəklənən Bakı Mühəndislik Universiteti və İnha Universitetinin bakalavriat üzrə ikili diplom proqramını xüsusi şəkildə qeyd edib. Onun sözlərinə görə, proqram ölkənin insan kapitalının inkişafına töhfə verir.
Səfir qeyd edib ki, iyunda Bakıda keçirilmiş siyasi məsləhətləşmələrin beşinci raundu tərəflərin siyasi dialoqu gücləndirməyə və praktiki əməkdaşlığı genişləndirməyə sadiqliyini təsdiqləyib.
O əlavə edib ki, 2027-ci ildə diplomatik əlaqələrin qurulmasının qarşıdan gələn 35 illiyi tərəfdaşlığın yeni məqsədlərini müəyyən etmək üçün bir fürsət olmalıdır.