“SPECA Etimad Fondunun yaradılması məsələsinin uzun müddət ləngiməsinə baxmayaraq, Azərbaycanın sədrliyi dövründə bu təşəbbüsün həyata keçirilməsində uğur əldə edilib”.
“Report” xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Onun sözlərinə görə, SPECA çərçivəsində mühüm və məhsuldar layihələrin həyata keçirilməsinin vaxtı çatıb: “Tacikistan tərəfdaş ölkələrin maliyyə resurslarını cəlb etmək üçün Etimad Fondunun yaradılması ideyasını dəstəkləyir”.
Tacikistan dövlət başçısı regional inteqrasiyanı inkişaf etdirmək və ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı artırmaq üçün SPECA-dan daha səmərəli istifadə etməyə çağırıb.
E.Rəhmon vurğulayıb ki, SPECA ölkələrində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və onların gələcəkdə beynəlxalq nəqliyyat dəhlizlərinə birləşməsi vacibdir.
İqlim dəyişikliyi problemlərindən də danışan Rəhmon bunun SPECA ölkələri üçün ciddi çağırış olduğunu qeyd edib. Onun sözlərinə görə, bu kontekstdə ən aktual problemlər su və digər resursların qorunması olaraq qalır.
Tacikistan lideri müasir dünyada rəqəmsallaşmanın rolunu da vurğulayıb və SPECA ölkələri arasında əməkdaşlıq üçün Tacikistanda Süni İntellekt Mərkəzinin açılmasını təklif edib.