Elmar Məmmədyarov Kolumbiya Senatının birinci vitse-prezidenti və Senatın üzvləri ilə görüşüb

Elmar Məmmədyarov Kolumbiya Senatının birinci vitse-prezidenti və Senatın üzvləri ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
1 İyun , 2017 11:00
Elmar Məmmədyarov Kolumbiya Senatının birinci vitse-prezidenti və Senatın üzvləri ilə görüşüb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində bu ölkə Senatının birinci vitse-prezidenti Daira de Xesus Qalvis Mendeslə görüşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri Senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak edib.

E.Məmmədyarov parlament diplomatiyasının Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında xüsusi rola malik olduğunu deyib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Senatının davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə, qarşı tərəfə öz təşəkkürünü bildirib.

Senatorlar 2016-cı il sentyabrın 29-30-da Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycanda səfərdə olduqlarını, Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, xarici işlər naziri və Milli Məclisin üzvləri ilə görüşlərini məmnuniyyətlə xatırlayıblar. Həmçinin, dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

E.Məmmədyarov həmçinin uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə olunan sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini vurğulayıb. 

Görüş əsnasında Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorlar tərəfindən imzalanaraq qəbul edilən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə Azərbaycanın XİN başçısına təqdim edilib.

Bu xüsusda, E.Məmmədyarov Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

E.Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Kalderon, xarici işlər naziri xanım Maria Anxela Olgin, biznes dairələri ilə məhsuldar görüşlər keçirdiyini və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi