Elmar Məmmədyarov: "Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir"

Elmar Məmmədyarov: "Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir" Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli maraqlarımıza əsaslanan Azərbaycanın müasir xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə davam etdirilir.
Xarici siyasət
9 İyul , 2019 12:11
Elmar Məmmədyarov: Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim

"Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli maraqlarımıza əsaslanan Azərbaycanın müasir xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə davam etdirilir".

"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hal-hazırda qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, iqtisadi sanksiyalar və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib: "Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirməyə müvəffəq olub".

E.Məmmədyarov bildirib ki, Azərbaycanın xarici siyasət fəaliyyəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub: "Bu gün beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunması BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələri ilə yanaşı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərarlarında da öz əksini tapır".

Son xəbərlər

Orphus sistemi