"Fransalı deputatlar erməni diasporunun gözündə öz reytinqlərini yüksəltməyə və seçicilərin dəstəyini qazanmağa çalışırlar".
Bunu "Report"a açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun aparıcı eksperti Konstantin Tasits Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa cəmiyyəti ermənilərə daha çox rəğbət bəsləyir və bu, ölkədə böyük erməni lobbisinin olması ilə izah olunur.
“Milli Assambleyanın qətnaməsi, Fransa parlamentinin əvvəllər qəbul etdiyi digər qətnamələr kimi daxili siyasi xarakter daşıyır. Fransa hökumətinin rəsmi mövqeyi həmişə daha praqmatik və balanslı olub", - o bildirib.
Ekspert Fransa və Azərbaycanı böyük iqtisadi layihələrin birləşdirdiyini xatırladıb və buna misal kimi “Total” şirkətinin iri “Abşeron” qaz yatağının operatoru olmasını göstərib: "Bu səbəbdən güman edirəm ki, bu qətnamənin fəsadları ciddi olmayacaq".
Xatırladaq ki, noyabrın 30-da Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamənin lehinə 256 deputat səs verib.