Ehud Olmert: İsrail Fələstindəki münaqişəni dərhal dayandırmalıdır
- 14 mart, 2025
- 11:41
İsrail hökuməti Fələstindəki münaqişənin necə başa çatdırıla biləcəyi barədə düşünməyib.
“Report” xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert XII Qlobal Bakı Forumunun panel sessiyasında çıxışı zamanı deyib.
Keçmiş baş nazir bildirib ki, bu, onun əsas problemlərindən biridir.
Onun sözlərinə görə, HƏMAS-ın İsrailə hücumu zamanı göstərdiyi qəddarlığa baxmayaraq, Fələstinin dinc sakinləri əziyyətə məruz qalmamalı idilər.
"Açıq, aydın və tərəddüdsüz formada deyə bilərəm: fələstinlilərin Qəzzadan deportasiya edilməsinə qarşıyam", - E.Olmert bildirib.
O vurğulayıb ki, bəzi İsrail liderlərinin mövqeyi ölkənin fundamental və əxlaqi dəyərlərini əks etdirmir: "Biz Qəzzanı varlı investorlar üçün kurort yerinə çevirmək cəhdlərinə qarşıyıq. Deportasiyalar yalnız münaqişəni, tarixi ağrını və minlərlə, milyonlarla insanın əzablarını daha da ağırlaşdıracaq”.
Keçmiş baş nazirin fikrincə, HƏMAS artıq İsrail dövlətinin təhlükəsizliyi üçün birbaşa təhlükə təşkil etmir: “Qoşunların Qəzzada qalmasının mənası yoxdur”.
E.Olmert vurğulayıb ki, Qəzza zolağı HƏMAS-dan xilas olmaq və öz hökumətini qurmaq üçün səlahiyyətlərə, gücə malik olan fələstinlilər tərəfindən idarə olunmalıdır: "Bu çətindir, lakin mümkündür. Bu, fələstinlilərin özlərinin, həmçinin ərəb ölkələrinin iştirakını tələb edir".