“Bu günlər dünya bir daha hörmətli Mehriban Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını gördü".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Bu günlərdə qardaş Türkiyənin çox çətin yoldan keçdiyini xatırladan deputat qeyd edib ki, həqiqətən fəlakətin miqyası olduqca böyükdür: "Çox təəssüf ki, həyatını itirən türk qardaşlarımızın sayı artıq 20 mini keçib. Ancaq Türkiyə elə bir böyük dövlətdir ki, bu faciənin də öhdəsindən gələcək və zərərçəkmiş insanlara lazımi diqqət göstəriləcək. Bu prosesdə əlbəttə ki, Azərbaycan da qardaş Türkiyənin yanındadır. İlk gündən demək olar bütün qurumlarımız bu yolda səfərbər olub və dövlət qurumlardan tutmuş sıravi vətəndaşlarımıza kimi hər birimiz bacardığımız dəstəyi göstəririk. Bu, bir qardaşlıq borcudur”.
“Mən zəlzələ zamanı həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, yararlıların isə tezliklə sağalmasını arzu edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, bu hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu. O dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etdi. Müraciətdə İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib. Eyni zamanda dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Türkiyənin bu çətin günlərində onların yanında olmaq mənəvi olaraq hamımızın borcudur. Bu həm də bütün dünyaya qardaşlıq nümunəsidir”, - V.İskəndərov bildirib.
Deputat bildirib ki, Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edən Mehriban xanım eyni zamanda zəlzələdən zərər çəkənlərə yardım göndərilməsi üçün müvafiq tapşırıqlar verib: "Artıq həmin yardımlar qardaş ölkəyə çatdırılıb. Mehriban xanım Əliyeva dəstəyi ilə Azərbaycan-Türkiyə qardaşlığının Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “bir millət – iki dövlət” fəlsəfəsinə əsaslandığını bir daha təsdiqlədi. Mehriban Əliyevanın fikirləri həmçinin Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsinə, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısına, dəstəyinə verdiyi yüksək dəyərin göstəricisidir. Bu həm də Mehriban Əliyeva tərəfindən hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə, o cümlədən yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin və s. mövqeyinə və nəcib əməlinə verilən yüksək qiymətdir”.
V.İskəndərov vurğulayıb ki, həm dəhşətli faciədən dərhal sonra səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciəti və dövlətimizin göstərdiyi yardımlar, həm Mehriban Əliyevanın dəstəyi və onun göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə yardımların göndərilməsi, həm də 7-dən 77-yə Azərbaycan xalqının hər bir nümayəndəsinin bu məsələdə fəallıq göstərməsi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur".