Bakı. 9 oktyabr. REPORT.AZ/ "Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilmişdir: "Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcəkdir. Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir".