"İsveç Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir".
"Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, bu barədə Azərbaycan və İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə xarici işlər naziri Ceyhun Bayramovla isveçli həmkarı Ann Linde arasında məktub mübadiləsində bildirilir.
Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bu ilin 19 may tarixində Stokholmda yerləşən Nobel mükafatı Muzeyində təşkil olunacaq mədəni tədbirin ölkələrimiz arasında körpü rolunu oynayan Bakıdakı Nobel irsi baxımından rəmzi əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bu illər ərzində Azərbaycan və İsveç arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. İsveçin növbəti il Aİ Şurasında uğurla sədrlik edəcəyinə inandığımız və bu xüsusda, İsveçin həmtəsisçilərindən biri kimi Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirəcəyi fəaliyyətinə töhfə verməyə hazır olduğumuz bildirilib.
Ann Linde məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib və fürsətdən istifadə edərək Azərbaycan və İsveç arasında mövcud dostluq və əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Ann Linde bundan sonra da iki ölkə arasında mövcud xoş münasibətlər və əməkdaşlığın davam etdirilməsini arzu edib.
Nazirlər səmimi təbriklərini çatdırıb və ölkələrimiz arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişafını arzu ediblər.