Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ilə görüşüb.
XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, C.Bayramov Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycanın Dünya Bankı ilə olan əlaqələrindən məmnunluqla bəhs edərək ölkəmizin bu əməkdaşlığa yüksək önəm verdiyini bildirib. Azərbaycanla Dünya Bankı arasında, qeyri-neft sektoru, özəl sektor, alternativ enerji, rəqəmsal inkişaf və digər sahələrdə mövcud olan əməkdaşlıq xüsusi ilə qeyd olunub.
C.Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən, ağıllı şəhər və kənd, yaşıl enerji, müasir infrastruktur layihələrinin icrası barədə ətraflı məlumat verib. O, həmçinin imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, bölgədə bütün kommunikasiya xətlərinin, tranzit yollarının açılışının yalnız iki ölkə deyil, bütün bölgənin gələcək inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sara Maykl, növbəti il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını bildirərək, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib. O, Azərbaycanın ölkə və ümumilikdə bölgənin inkişafı üzrə böyük vizyonunu bundan sonra da dəstəkləməyə davam edəcəklərini vurğulayıb. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesinə gəldikdə, ölkə meneceri Sara Maykl aidiyyəti üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.
Görüşdə tərəflər, həmçinin əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.