Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib.
XİN-dən “Report”a bildirilib ki, açılışda BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak edib.
C.Bayramov və T.Valovaya çıxış edib, BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan otağının” olduqca faydalı töhfə olduğunu vurğulayıblar.
2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın təmiri 2022-ci ildə başlanıb. Ən yüksək texnologiyalar əsasında otaqda çoxsayda monitorlar, kameralar, audio-video avadanlıqlar və aksesuarlar quraşdırılıb və həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.
Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otağın girişindən etibarən Azərbaycanın tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə elementləri ilə dizayn edilib. Həmçinin Azərbaycanın memarlığını nümayiş etdirən fotolar xüsusi dizaynla təqdim edilib. Bundan əlavə, Qarabağ xalçası, şəbəkə eksponatı, muğam musiqi alətləri nümayiş etdirilir.
Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Bu baxımdan, belə mötəbər bir binada Azərbaycan otağının fəaliyyəti ölkənin təqdimatı baxımdan yüksək önəm kəsb edir.
BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı"nın açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya və başqa rəsmilər iştirak edirlər.
Azərbaycanın XİN başçısı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, bu otaq Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək:
"BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş BMT-nin Cenevrə şəhərindəki "Azərbaycan otağı"nın açılış mərasimində iştirak etməkdən məmnun oldum. Bu otaq Azərbaycan ilə BMT arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək", - nazir vurğulayıb.