TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətini daha bir il uzadıb - YENİLƏNİB-2

TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətini daha bir il uzadıb - YENİLƏNİB-2 Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.
Xarici siyasət
15 Noyabr , 2023 20:05
TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətini daha bir il uzadıb - YENİLƏNİB-2

TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətini daha bir il uzadıb.

"Report" xəbər verir ki, müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

17:07

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunur.

“Report” xəbər verir ki, bu barədə TBMM-dən bildirilib.

10:58

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.

“Report” xəbər verir ki, layihəyə əsasən, Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti 2023-cü il noyabrın 17-dən etibarən daha bir il uzadılır.

Qanun layihəsini parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərib.

Layihədə Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.

Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.

Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir: “Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.

Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti rəsmi Ankaranın regionda konstruktiv rolunun tələbidir.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Son xəbərlər

Orphus sistemi