"Bolqarıstanla imzalanan Anlaşma Memorandumu güclü ötürmə xətləri yaradaraq tamamilə yeni vəziyyət formalaşdıracaq" - RƏY
- 27 aprel, 2023
- 08:03
“Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində imzalanan Anlaşma Memorandumu güclü ötürmə xətləri yaradaraq tamamilə yeni vəziyyət formalaşdıracaq”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Bolqarıstana səfəri Balkan regionunun Azərbaycanın xarici siyasətində yerli və ölkəmizin bu region üçün əhəmiyyətinin daha da artdığını göstərir:
“Rəsmi danışıqların yekunu olaraq bu qənaətə gəlmək olur ki, mövcud geosiyasi vəziyyət, ilk növbədə, tərəflərin birlikdə olmasını və ən yaxşı həllər axtarmasını zəruri edir. Ümumiyyətlə, son illər Azərbaycanın Balkan regionu ölkələri ilə, o cümlədən Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir, Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Qarşılıqlı rəsmi səfərlər, aparılan danışıqlar, müzakirə olunan məsələlər bunu bir daha təsdiqləyir. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri Balkan regionundan - Yunanıstan və Albaniyadan keçir”.
Deputat qeyd edib ki, Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdirlər: “Müvafiq potensialların reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradır. Azərbaycanın böyük qələbəsindən sonra Orta Dəhliz layihəsinin potensialı və bu nöqteyi-nəzərdən nəqliyyat sahəsində Azərbaycan-Bolqarıstan əməkdaşlığının yeni səviyyəyə çatmasının şahidiyik. Şərq-Qərb tranzit dəhlizi ilə yükdaşımalarının əhəmiyyətli dərəcədə artması müşahidə olunmaqdadır. Təsadüfi deyil ki, bu il martın 11-də X Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumen Radev Azərbaycan Prezidenti ilə görüşdə dövlət başçımızın ötən ilin sentyabrında Sofiyaya səfərini bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi adlandırmışdı”.
“Budəfəki səfər isə Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir. Səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu güclü ötürmə xətləri yaradaraq tamamilə yeni vəziyyət formalaşdıracaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq. Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə qaz ixrac etməyə fürsət yaradacaq” -, o bildirib.
Deputat əlavə edib ki, Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə “SOCAR” arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir: “Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bolqarıstan Prezidenti “son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur” fikirləri rəsmi Bakının Sofiya üçün nə qədər vacib tərəfdaş olduğunu bir daha təsdiqləyir”.
K.Nurullayeva vurğulayıb ki, tarixə nəzər salsaq, Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamika ilə seçilib: “İki ölkə arasında diplomatik münasibətlər artıq 31 ildir qurulub. Yüksək səviyyəli siyasi-iqtisadi münasibətlərlə yanaşı humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il 22 sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu muzey qoruğunun açılış mərasimində iştirak ediblər”.
“Prezident İlham Əliyevin budəfəki səfərindən sonra Bakı ilə Sofiya arasında əməkdaşlığın növbəti mühüm mərhələsinin başlandığını söyləmək olar” - deputat nəzərə çatdırıb.