Azərbaycan bir sıra beynəlxalq tədbirlərə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük diqqət göstərir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Biz ətraf mühitlə məşğul olan təşkilat deyilik, mütəxəssislərimiz də yoxdur. Amma bu mövzuda müvafiq alimləri, ekspertləri dəvət etməyi nəzərdə tuturuq. Qoşulmama Hərəkatı, nəqliyyat-logistika, Orta Dəhliz də bizim diqqət mərkəzimizdə olacaq. Türk Dövlətləri Təşkilatı da əsas prioritetlərimizdəndir.
İddia var ki, Azərbaycan neft ölkəsidir, niyə COP29 orada keçirilir? Amma maraqlıdır ki, Kanada və Britaniyanın neft ixracına baxsaq, onlar dünyada ilk 10-luqda yer alırlar. Ona görə də bu kimi məqalələrə qara piar kimi baxmalı, buna hazır olmalıyıq", - o bildirib.
Qeyd edək ki, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək.