BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib BMT-nin Azərbaycandakı Nümayəndəliyi 20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Xarici siyasət
20 Yanvar , 2024 12:32
BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

"Report"un xəbərinə görə, bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan xalqı ilə bir araya gəlib", - nümayəndəlikdən bildirilib.

Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi