BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Xarici siyasət
5 İyun , 2024 07:59
BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Azərbaycanın 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, mərasimdə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis, təşkilatın müxtəlif qurumlarınım yüksək vəzifəli rəsmiləri, üzv dövlətlərin səfirləri və diplomatları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qonaqlara ölkəmizin müstəqillik tarixi və inkişaf yolun barəsində geniş məlumat verib. Diplomat qeyd edib ki, məhz 2024-cü ildə ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra bu milli bayram, Müstəqillik Günü ölkəmizin bütün ərazisində qeyd olunub.

Y.Əliyev çıxışında uzun illər ərzində Azərbaycanın BMT ilə səmərəli əməkdaşlığından bəhs edib, ölkəmizin beynəlxalq təşkilatın iqlimlə bağlı fəaliyyətləri və çoxtərəfli əməkdaşlığın digər mühüm sahələrinə töhfələr verdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iqlimlə bağlı fəaliyyətə milli səviyyədə və ondan kənarda təkan vermək üçün 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.

Azərbaycan inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyir və ölkə başçısının təşəbbüsü ilə həmin dövlətləri dəstəkləmək üçün xüsusi fondun yaradılması planlaşdırılır.

Diplomat Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. "Azərbaycanın iqlimlə bağlı fəaliyyətləri və davamlılığı özünün milli inkişaf planlarının və çoxtərəfli xarici siyasətinin mərkəzinə yerləşdirir", - diplomat deyib.

Y.Əliyev Azərbaycanın eyni zamanda 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyini qonaqların diqqətinə çatdırıb.

Mərasimdə Baş Assambleyanın sədri D.Fransis çıxış edib. Fransis xalqımızı Müstəqillik Günü münasibəti ilə təbrik edib, Azərbaycan Demokratik Respublikasının Şərqdə ilk dünyəvi, demokratik dövlət qurduğunu vurğulayıb. Azərbaycanın BMT-yə verdiyi töhfələr barəsində danışan prezident bu ilin martında ölkəmizə səfəri çərçivəsində qatıldığı XI Qlobal Bakı Forumu barəsində danışıb, keçirdiyi yüksək səviyyəli görüşlərdən bəhs edib. Prezident ölkəmizi COP29-a sədrliyi münasibəti ilə təbrik edib və uğurlar diləyib.

Mərasimdə Azərbaycanın zəngin təbiətini, tarixini, milli adət-ənənələrini, Bakının füsunkar gözəlliklərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin mədəni hissəsində qonaqlar, milli musiqimizin canlı ifası fonunda Azərbaycan mətbəxinin ləziz təamlarını dadıblar.

Son xəbərlər

Orphus sistemi