Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Almaniyadakı Səfirliyində tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Ümummilli Liderin tükənməz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev müasir dövlətçiliyin təməlini qoyub və bununla da adını qızıl hərflərlə ölkəmizin tarixinə yazdırıb.
Səfir çıxışında, həmçinin Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, beynəlxalq arenada nüfuzunun artması, habelə Azərbaycan diasporunun formalaşması istiqamətində göstərdiyi müstəsna fəaliyyətə toxunub:
"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyyətlər əldə edib və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub".
Tədbirdə Almaniyada təhsil alan gənc azərbaycanlı pianoçu Nərmin Nəcəflinin ifasında Ulu Öndərin xatirəsinə həsr edilən musiqi proqramı səsləndirilib və qəbul təşkil olunub.