Tbilisinin Bakı ilə 24 illik tərəfdaşlığından sonra şəhərlər arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi meriyasının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, memorandumda mədəniyyət, incəsənət, turizm, şəhər idarəçiliyi, ətraf mühit, nəqliyyat, informasiya texnologiyaları, enerji effektivliyi, tullantıların idarə olunması, idman və gənclərlə iş sahələrində əməkdaşlıq, həmçinin müxtəlif sahələrdə ticari və işgüzar münasibətlərin dərinləşdirilməsi nəzərdə tutulub.
Tbilisi meri Kaxa Kaladze sənədin Gürcüstan və Azərbaycan arasında çoxəsrlik münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirib: “Müxtəlif sahələrdə münasibətlərimizin daha maraqlı və dostcasına olması üçün şərait yaradacağıq”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, memorandum iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək: “Gürcüstan və Azərbaycan arasında minillik münasibətlər var və biz bu əlaqələrə çox yüksək dəyər veririk. Bizim müxtəlif sahələrdə əməkdaşlıq baxımından əldə etdiyimiz bir sıra nailiyyətlərimiz var”.