İyunun 26-da Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin, Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) başlayacaq.
"Report"un məlumatına görə, dörd gün davam edəcək tədbirdə 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124-dək ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndənin iştirakı gözlənilir.
İyunun 29-da başa çatacaq konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. “Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVID-19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.