BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
"Report" xəbər verir ki, konfransa çıxış edən Fransanın keçmiş və indiki koloniyalarından gələn təmsilçilər rəsmi Parisin bu ölkələrdə hələ də davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə məlumat veriblər.
Xüsusilə qeyd olunub ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə stabilliyin pozulması siyasəti həyata keçirir, eyni zamanda hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını kobud şəkildə pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir.
Bildirilib ki, təbii ehtiyatlarla zəngin bu ölkələrin xalqları materik Fransasından qat-qat çətin şəraitdə yaşayır, işsizlik və yoxsulluq səviyyəsi dəfələrlə yüksəkdir. Fransanın bu ərazilərdə həyata keçirdiyi nüvə sınaqları, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyəti əhalinin səhhətində ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub. Süni şəkildə yerli xalqların assimilyasiya edilməsi siyasəti və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi davam etdirilməklə yerli xalqların müstəqillik uğrunda mübarizəsinə zərbə vurmağa çalışılır.
Sonda konfransın bəyannaməsi qəbul olunacaq.
Qeyd edək ki, Konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, Solomon adalarından, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitəsindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edir.