Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Hökumətinin sədr müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Aleksey Overçuk ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə edildi. İqtisadi Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın cari ilin iyun ayında keçirilən son iclası zamanı razılaşdırılan məsələlərin həyata keçirilməsi, eləcə də müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətə dair yol xəritələrinin reallaşdırılmasına dair fikir mübadiləsi aparıldı.
Tərəflər humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın möhkəmləndirilməsi mövzularını müzakirə etdilər. Regionlararası əməkdaşlığın genişləndirilməsi və bu əməkdaşlığı təşviq edən tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.
Qarşılıqlı sərmayə qoyuluşları, o cümlədən Rusiya şirkətlərinin maşınqayırma, əczaçılıq, dəmiryolu və digər sahələrdə istehsala sərmayə qoyuluşu məsələsi müzakirə edildi.
İqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyəti olan Şimal-Cənub nəqliyyat dəhlizi və Samur çayı üzərində tikilmiş yeni körpünün istifadəyə verilməsinin qarşılıqlı əlaqələrə təkan verəcəyi qeyd edildi.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.