Deputat: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”

Deputat: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq” “Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”.
Xarici siyasət
24 Oktyabr , 2023 12:02
Deputat: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərdən biri - Almaniyanın "Die Welt" nəşri “Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib: “Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırkı alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. "Die Welt" qəzetinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq”.

Deputat bildirib ki, avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır: “Halbuki, Prezident “Zəngəzur dəhlizində hərbi planımız yoxdur” dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, "Die Welt" nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür”.

Milli Məclisin üzvü xatırladıb ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Qərbi tanımalı və tanıtmalıyıq: “Bəli, 70 ildir Türkiyəni Osmanlı xofu ilə Brüsselin qapısında saxlayanlar Ermənistanın baş nazirini Avroparlamentdə ayaqüstə alqışlayır, Qafqazın “demokratiya mayakı” adlandıraraq 30 illik işğala haqq qazandırır, müharibədə “qurban gedən və Qərbin forpostu, məzlum erməni xalqı” obrazını formalaşdırır. Bəs, dünyada ədaləti təmin edən qalib Azərbaycan liderini Brüsselin titullu salonlarında niyə dinləmirlər. Çünki Ermənistanla birlikdə özlərini də məğlub sayırlar. Ona görə də sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq. Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da, faydası yoxdur”.

Z.Oruc vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə son hərbi təlimləri İrəvana hücum planı deyil, regiona beynəlmiləl statusda gəlməyə çalışan və hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşıdır: “Qafqazda sülhü Türkiyənin, Rusiyanın, İranın, Ermənsitanın və Gürcüstanın əlindən alıb dövlətləri bir-birinə qarşı silahlandırmaq istəyən məhz Qərb dairələridir. Brüsseli siyasi Məkkəyə çevirənlər Ukraynaya hücum edən Rusiyadan danışıb, Amerikanın İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsini görmürlər. Strasburqun zahiri parıltılı demokratiya binaları mahiyyətcə imperializmin bir parçasıdır. Niyə o binalarda bircə dəfə Poloneziyada keçirilən 220 nüvə sınaqlarına yer verilməyib. Yoxsa onlar insan deyil? Ona görə "Die Welt" nəşri “Qarabağın kölgəsində: Qəzzaya sülhü necə aparmalı” adlı məqalə ilə çıxış etsin, dünyaya ədalətli sülh gətirən Azərbaycanı Yaxın Şərqə nümunə göstərsin. Əlbəttə, 3-cü Reyxin varislərinə bu sərfəlidirsə”.

Son xəbərlər

Orphus sistemi