Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb

Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb Dövlət başçısını Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar
Xarici siyasət
2 Fevral , 2016 20:19
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri fevralın 2-də başa çatıb.

"Report" xəbər verir ki, Dubayın beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla geniş tərkibdə görüşü olub.

görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun Azərbaycana səfərinin uğurla keçdiyi bir daha vurğulanıb.

Şeyx Məhəmməd bin Raşid Əl Məktum ölkəmizə səfərini xatırladıb. Azərbaycanda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu bildirən Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın hakimi deyib: "Sizin gözəl ölkəniz, gözəl insanlarınız var. Azərbaycana səfərim zamanı mən bunun şahidi oldum". O, Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bir daha vurğulayıb.

Prezident İlham Əliyev xoş sözlərə görə Şeyx Məhəmməd bin Raşid Əl Məktuma minnətdarlığını bildirib. Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunduğu bir məkana çevrildiyini söyləyən dövlət başçısı gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının da beynəlxalq əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin, o cümlədən Dubayın iqtisadi inkişafı ilə əlaqədar təbriklərini çatdırdı və indiki səfəri zamanı bu ölkədə böyük uğurların şahidi olduğunu bildirib.

Dünyada yaşanan iqtisadi böhrana və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə toxunan Şeyx Məhəmməd bin Raşid Əl Məktum bununla bağlı ölkəsində həyata keçirilən məsələlərdən danışıb.

Prezident İlham Əliyev dünyada baş verən bu proseslərlə əlaqədar Azərbaycanda da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bildirib ki, hazırda ölkəmizdə yeni iqtisadi modelin müəyyənləşdirilməsi üzərində əsaslı iş aparılır və bu model iqtisadiyyatın geniş sahələrini əhatə edəcək. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən investisiya qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən razılığını ifadə edib. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev turizmin inkişafının Azərbaycanın prioritet sahəsi kimi səciyyələndirib, ölkəmizin regionlarında yüksək standartlara cavab verən aeroportların, turizm infrastrukturunun yaranmasının Azərbaycana turist axınının genişlənməsinə əlverişli şərait yaratdığını bildirib.

Şeyx Məhəmməd bin Raşid Əl Məktum Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu deyib və ölkəmizin meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın infratstruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Görüşdə xalqlarımız arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafına töhfəsini verdiyi vurğulanıb. Söhbət zamanı istehsal, sənaye, logistika, hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”i və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri Məhəmməd Abdulla Əl Qirqavi imzalayıblar.

Son xəbərlər

Orphus sistemi