Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Novruz Məmmədov artıq ikitərəfli münasibətlərin müxtəlif sahələrdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib.
Əməkdaşlığımızın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolundan danışan Novruz Məmmədov bildirib ki, bu il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya səfərləri, aparılan səmərəli danışıqlar ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verir.
Mədəni əlaqələrin xalqları yaxınlaşdırdığını vurğulayan Baş nazir Novruz Məmmədov Azərbaycan xalqının tarixən İtaliya mədəniyyətinə böyük maraq göstərdiyini diqqətə çatdırıb. Baş nazir İtaliya operasının dünyadakı şöhrətindən danışaraq Azərbaycanın da Şərqdə ilk operanın məkanı kimi tanındığını xatırladıb.
Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü deyən Novruz Məmmədov İtaliyanın Azərbaycanın namizədliyini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.
Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini xüsusi vurğulayıb.
Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.
Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən qonaq deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.