Ermənistan tərəfinin martın 5-də törətdiyi təxribat Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həssas prosesi pozur.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasının iştirakçılarına göndərdiyi məktubda deyilir.
“Ermənistanın 2023-cü il martın 5-də Azərbaycan ərazisində törətdiyi sonuncu hərbi təxribatı və iki ölkə sərhədində iriçaplı silahlardan atəş açmaqla vəziyyəti daha da gərginləşdirmək cəhdləri belə siyasətin daha bir nümunəsidir”, - bəyanatda qeyd edilib.
Məktubda vurğulanıb ki, bu təxribat 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması ilə bağlı müddəanı yerinə yetirməkdən imtina etməsinin növbəti sübutudur: “Ermənistan Azərbaycan ərazisində hərbi fəaliyyətini davam etdirir. Buraya qanunsuz olaraq hərbi gücün artırılması, qüvvələrin rotasiyası, silahların və şəxsi heyətin Azərbaycan ərazisinə keçirilməsi daxildir”.
Azərbaycan ATƏT ölkələrini Ermənistana Xankəndi-Laçın yolunda qeyri-qanuni hərbi fəaliyyətini və təbii sərvətlərin qaçaqmalçılığını dayandırmasının zəruriliyi barədə birbaşa və birmənalı siqnal göndərməyə çağırıb.
Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.