Yuxarı

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini dəyişdirilib

Səməd Seyidovun səhhətində problemlər yarandığına görə Strasburqa getməyəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni müavin təyin olunub.   

Bunu "Report"a açıqlamasında nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib. 

O qeyd edib ki, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini vəzifəsindən uzaqlaşdırılıb. S.Fətəliyevanın yerinə Milli Məclisdə YAP-ı təmsil edən deputat Vüsal Hüseynov təyin olunub.

F.Mustafa bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 24-də Strasburqa yola düşəcək. 

On bir nəfərlik nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir.

F.Mustafa qeyd edib ki, nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Strasbuqa getməyəcək və AŞPA-nın qış sessiyasında iştirak etməyəcək: "Səməd Seyidovun səhhətində problemlər var. Ona görə də nümayəndə heyətinə Vüsal Hüseynov rəhbərlik edəcək". 

Yanvarın 30-dək davam edəcək sessiyanın birinci günü AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

İclasda Azərbaycanla bağlı “Dağlıq Qarabağ və Sərsəng su anbarı” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir” adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul ediləcək.

Sessiya çərçivəsində Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovada vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə, Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin qorunması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi