Azərbaycanda respondentlərin 90.4%-i Ərdoğanın qalib gəlməsini dəstəkləyir - SORĞU 

Azərbaycanda respondentlərin 90.4%-i Ərdoğanın qalib gəlməsini dəstəkləyir - SORĞU  Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib.
Xarici siyasət
27 Aprel , 2023 11:30
Azərbaycanda respondentlərin 90.4%-i Ərdoğanın qalib gəlməsini dəstəkləyir - SORĞU 
Rəcəb Tayyib Ərdoğan

Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini arzulayır.

"Report" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub.

Qurumun İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib: "Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib.

İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib".

Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib.

Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür.

Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib. Respondentlərin 5.9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Ərdoğanı dəstəkləyənlərin 96.7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6.3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüb.

Z.Oruc qeyd edib ki, respondentlərdən adını qeyd etdiyi namizədi hansı səbəblərlə dəstəklədiyi soruşulub və onlara ən çox 3 cavab variantı qeyd etmək imkanı verilib: "İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəylərini nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55.7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb.

Göründüyü kimi, respondentlərin 87.8%-i keçiriləcək seçkilərdə Prezident Ərdoğanın qalib gəlməsini dəstəkləyir. Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə görə (55.7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə görə (51.1%), liderlik keyfiyyətlərinə görə 29.4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formlaşmasına təsir edir".

Sorğuda iştirak edənlərin 68.7%-i namizədlər arasında yalnız R.T.Ərdoğan seçilərsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini qeyd edib. (Bu göstərici eyni zamanda Türkiyə dövlətinin Azərbaycana olan münasibətində siyasi liderin həlledici xarakter daşıdığını göstərir). Respondentlərin 26.0%-i isə namizədlərin hansının seçilməsindən asılı olmayaraq, Türkiyə dövlətinin Azərbaycana dəstəyinin davam edəcəyini düşünür.

Son xəbərlər

Orphus sistemi