"Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır".
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil: "Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır.
Yaxşı məlumdur ki, Azərbaycan hökuməti 1 ildən artıq müddətdə, yəni 2021-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq məqsədilə müraciətlər ünvanlayıb, sonuncu dəfə 3-10 dekabr tarixlərində məsələni danışıqlar yolu ilə həll etməyə cəhd göstərib. Bütün bu səylərə baxmayaraq, erməni tərəfi müraciətlərə məhəl qoymayıb, aidiyyəti qurumların əraziyə girişinə maneçilik törədib və qanunsuz fəaliyyətləri davam etdirməyə çalışıb. Məhz bütün bu hərəkətlər Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc nümayiş keçirilir.
Bu etirazlara qarşı səslənən hər bir fikir məhz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü kimi beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusu, Azərbaycan ərazisində mövcud olan bütün təbii sərvətlərin Azərbaycan Respublikasına məxsusluğu barədə müddəanın əks olunduğu ölkə Konstitusiyasına və etirazçıların hüquqlarına qarşı hörmətsizlik kimi dəyərləndirilir və qəbuledilməzdir.
Bununla yanaşı, etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yarandığı iddiaları eyni dərəcədə əsassızdır. Gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələrinin, tibbi avtomobillərin yoldan maneəsiz keçidi danılmaz bir faktdır. Həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacların operativ şəkildə həll etməyə hazırlıq, həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bəyan olunub.
Azərbaycan tərəfinin yolun açıq olduğu və Üçtərəfli bəyanatla təyinatı üzrə istifadə edilə biləcəyi barədə erməni sakinlərə çağırışlarına baxmayaraq, özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların əhalini yoldan istifadədən çəkindirməsi faktları bir daha sübut edir ki, məhz belə şəxslər etirazlar barədə yalnış təəssürat yaratmaqla öz qeyri-qanuni və çirkin əməllərini davam etdirmək məqsədi güdürlər.
Üçtərəfli bəyanatın pozulması barədə iddialara gəldikdə xatırlatmaq istərdik ki, Ermənistan liderinin də imza atdığı Üçtərəfli bəyanata əsasən, Laçın yolundan qeyri-qanuni çıxarılan təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycandan hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrin hərbi təchizatının davam etdirilməsi, Azərbaycan ərazisinə minalar ötürmək və yerləşdirməklə mina təhdidinin artırılması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi və s. bu kimi qeyri-qanuni fəaliyyətlər üçün nəzərdə tutulmadığı və bütün bu hərəkətlərin Üçtərəfli bəyanatın kobud pozuntusu olduğu Ermənistan tərəfinə yaxşı məlumdur.
BMT Təhlükəsizlik Şurasının (TŞ) 20 dekabr 2022-ci il tarixli iclası ilə bağlı Ermənistan XİN-in manipulyasiya kampaniyasına baxmayaraq, demək olar ki, bütün BMT TŞ üzv dövlətləri Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə, eləcə də suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi ilə bağlı çağırışlar etdikləri, bununla da, Azərbaycanın mövqeyini təsdiqlədikləri, Ermənistanın təxribatlarına dəstək nümayiş etdirilmədiyi bəllidir. Azərbaycan ərazisinə hər hansı bir missiya göndərmək barədə Ermənistanın çağırışları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı növbəti təxribat kimi qiymətləndirilir və buna son qoyulmalıdır.
Ermənistan XİN-in Azərbaycanı deportasiya və etnik təmizləmədə təqsirləndirməsi absurd olmaqla yanaşı, 20 əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Ermənistan və Azərbaycan ərazisində sistematik və ardıcıl etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir. Azərbaycana qarşı ərazi iddialarının növbəti dəfə baş qaldırdığı 1987-ci ildən bəri 1 milyona yaxın azərbaycanlıya qarşı deportasiya və etnik təmizləmə həyata keçirilməsi, azərbaycanlılara qarşı Ermənistan tərəfindən qırğınlar törədilməsi tarixi bir faktdır. Bununla yanaşı, xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsində belə, döyüş bölgəsindən xeyli aralı olan ərazilərdə həlak olan azərbaycanlı mülki əhalinin sayı həlak olmuş erməni mülki əhalinin iddia edilən sayından dəfələrlə çox olub. Bütün bunlar hansı tərəfin mülki əhalini hədəf aldığını göstərən danılmaz sübutlardır.
Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır. Azərbaycanın regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək".