Azərbaycan XİN başçısı estoniyalı həmkarı ilə görüşüb

Azərbaycan XİN başçısı estoniyalı həmkarı ilə görüşüb Görüşdə nazirlər ikitərəfli əlaqələrin vəziyyətini, Azərbaycan ilə Aİ və "Şərq Tərəfdaşlığı" ölkələri arasındakı münasibətləri müzakirə ediblər
Xarici siyasət
12 Aprel , 2017 13:04
Azərbaycan XİN başçısı estoniyalı həmkarı ilə görüşüb

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində estoniyalı həmkarı Sven Mikser ilə görüşüb. 

"Report" xəbər verir ki, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov bu ilin aprelin 7-də Bakıda hökumətlərarası birgə komissiyanın iclasının uğurla keçdiyi və aparılmış müzakirələrin informasiya texnologiyaları, turizm, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. 

Sven Mikser tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edərək Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi haqqında məlumat verib və Estoniyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini bildirib.

E.Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə saziş layihəsi üzrə işin aparıldığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən XİN başçısı münaqişənin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Aİ tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyərək bu prinsipə hamılıqla riayət edilməli olduğunu bildirib.

E.Məmmədyarov Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında məlumat verərək Estoniya şirkətlərinin də bu layihələrin yaratdığı imkanlardan faydalana biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi