Bakı. 26 dekabr. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüşlərdən hər biri nəticə verib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti
Prezident bu il Rusiya-Azərbaycan münasibətlərinin çox sürətlə inkişaf etdiyini bildirib:
"Bəli, siz haqlısınız. Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmdə, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm də Azərbaycanın məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk".
İlham Əliyev iki dövlət arasında 2019-cu il üçün planların artıq müəyyənləşdirildiyini diqqətə çatdırıb:
"Lap bu yaxınlarda Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib. Bu il həm də Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Yəni, bu da bizim əməkdaşlığımızın, Rusiyanın regionları ilə fəal qarşılıqlı fəaliyyətin və onlarla ticari-iqtisadi münasibətlərin qurulmasının mühüm istiqamətidir. Düşünürəm ki, ikitərəfli ticarətə bizim birgə nəqliyyat təşəbbüslərimiz ciddi təkan verəcək. Şimal-Cənub layihəsi artıq reallaşır. Təkcə bu il biz Azərbaycan vasitəsilə Rusiyadan və Rusiyaya tranzitin on dəfə artdığını görürük, o cümlədən bizim yükgöndərənlər bu nəqliyyat arteriyasından fəal istifadə edirlər. Yəni, biz öz münasibətlərimizə kompleks yanaşırıq. Təməl bizim tarixi dostluğumuzdur. Biz bu təməl üzərində siyasi münasibətlərin çox ciddi bazasını qurmuşuq və ticari-iqtisadi, nəqliyyat, energetika sahələrində, əlbəttə ki, humanitar sahədə əməkdaşlıq münasibətlərinin inkişafı üzrə dəqiq anlaşmamız var. Deməliyəm ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur.
Bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib və özlərini evdəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir və düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir".