Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın nümayəndə heyəti vətəndaşlara xidmət göstərilməsi sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparmaq üçün İndoneziyaya səfər edib.
"Report" İndoneziya mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, beynəlxalq əlaqələr şöbəsinin rəisi Elnur Hümbətov, Azərbaycan XİNin beynəlxalq inkişaf üzrə Agentliyinin direktoru Əşrəf Şıxəliyev və Azərbaycanın Cakartadakı səfirliyin əməkdaşları daxildir.
Səfər zamanı nümayəndə heyəti İndoneziya Ədliyyə Nazirliyinin Ümumi hüquq idarəsinin baş direktorluğunun rəhbərliyi ilə görüşlər keçirib. Görüşdə tərəflər "bir pəncərə" rejimində vətəndaşlara xidmət göstərilməsi sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.