Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq iki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsinin əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu diqqətə çatdırıb. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.
Ölkəmizdə olmasından məmnunluğunu bildirən V.Bodnar Azərbaycanla strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, o, ilk dəfə keçiriləcək Azərbaycan-Ukrayna-Türkiyə xarici işlər nazirlikləri arasında üçtərəfli siyasi məsləhətləşmələrin böyük rol oynayacağına əminliyini ifadə edib.
Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğulayıblar.
İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X.Xələfov Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu istiqamətdəki rolunu xüsusilə qeyd edib.
Görüş əsnasında X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları, habelə TAP və TANAP kimi enerji layihələri haqqında həmsöhbətinə məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini qeyd edib.
Tərəflər Azərbaycan və Ukraynanın işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında humanitar, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparılıb.