Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) ilə Özbəkistanda fəaliyyət göstərən donor təşkilatlar arasında əməkdaşlıq barədə memorandum imzalanacaq.
"Report" xəbər verir ki, bu barədə Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökümət təşkilatlarının əməkdaşlıq forumu çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edilib ki, forumda təşkilatların ölkə başçılarına müraciəti səslənəcək.
"Bu forum Azərbaycan, Özbəkistan qeyri-hökumət təşkilatlarının həyatında ilk təşəbbüsdür və bu təşəbbüsün məhz Füzuli şəhərində Özbəkistanın Azərbaycan hökumətinə hədiyyə etdiyi məktəbdə həyata keçirilməsi təsadüfi deyil. Bu məktəb həm də vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi bundan sonra tarixə düşəcək. Forum çərçivəsində rəsmi çıxışlar, müxtəlif qeyri-hökumət təşkilatlarının təcrübə mübadiləsi, sonda isə hər iki qeyri-hökumət təşkilatının ölkə başçılarına müraciəti səslənəcək. Əminəm ki, bu forum və beş gün ərzində irəli sürülən bütün təşəbbüslər Azərbaycan, Özbəkistan vətəndaş cəmiyyəti təsisatlarını bir-birinə daha da yaxınlaşdıracaq", - deyə A.Əliyeva bildirib.