"Əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan. Əziz dostlar, bacılar və qardaşlar. Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST- Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.
“Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir”, - dövlət başçısı qeyd edib..