"Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Bununla yanaşı, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik. Mən artıq bunu qeyd etmişəm, COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir”, - deyən dövlətimizin başçısı bu günə qədər siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə də Afrika ölkələri ilə əlaqələrin o qədər də yüksək səviyyədə olmadığını vurğulayıb. “Bunun yəqin ki, təbii səbəbləri var və hesab edirəm ki, təmaslar daha sıx olduqca, bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda biz buna maraqlıyıq”, - deyə Prezident diqqətə çatdırıb.