Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990- cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb.1997-2004-cu illərdə "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub.2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.2018-ci ilin mayından 2021-ci il aprelin 19-dək xarici işlər nazirinin müavini olub. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.