Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.