Xarici ölkələrin Azərbaycandakı səfirləri Şəhidlər xiyabanını ziyarət edib

Xarici ölkələrin Azərbaycandakı səfirləri Şəhidlər xiyabanını ziyarət edib Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət ediblər.
Xarici siyasət
19 Yanvar , 2023 12:55
Xarici ölkələrin Azərbaycandakı səfirləri Şəhidlər xiyabanını ziyarət edib

Xarici ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report"un xəbərinə görə, diplomatlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər.

Ziyarətdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffuri, Böyük Britaniya səfiri Ferqus Old, Xorvatiya səfiri Branko Zebiç, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez, Yaponiya səfiri Cuniçi Vada, Özbəkistan səfiri Bahrom Aşrafxanov, İran səfiri Seyid Abbas Müsəvi, Tacikistan səfiri Rustam Soli, Qırğızıstan səfiri Kayrat Osmonaliyev və başqa diplomatlar iştirak ediblər.

Qeyd edək ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi