Bahrom Aşrafxanov: Azərbaycan və Özbəkistan elmi əməkdaşlığı genişləndirməyi planlaşdırır
- 26 oktyabr, 2026
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin təqdimatı çərçivəsində keçirilən beynəlxalq elmi konfransda bildirib.
"Bu prosesdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı konstruktiv dialoq əsas rol oynayır", - o qeyd edib.
Səfir vurğulayıb ki, Özbəkistan və Azərbaycan elmlər akademiyaları, universitetlər, muzeylər və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığı genişləndirmək, tarixi irsin birgə tədqiqatlarını aparmaq və gənc alimlərin dəstəklənməsi üzrə təşəbbüsləri həyata keçirmək niyyətindədir.
"Əminəm ki, bugünkü konfrans bu əməkdaşlığa yeni təkan verəcək", - Aşrafxanov deyib.
Səfir həmçinin iki xalqın mənəvi və mədəni yaxınlığını qeyd edərək, onları ortaq tarix, vahid mənəvi dəyərlər və qardaşlıq bağlarının birləşdirdiyini vurğulayıb.
"Əsrlər boyu Böyük İpək Yolu xalqlarımızın torpaqlarını birləşdirərək bilik, ideya və mədəni nailiyyətlərin mübadiləsinə kömək edib. Məhəmməd ibn Musa əl-Xarəzmi, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy, Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi görkəmli alim və mütəfəkkirlərin irsi dünya sivilizasiyasının əvəzsiz sərvətinə çevrilib", - o bildirib.