Almaniyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonuna səfər edib.
"Report"un Qərb bürosu xəbər verir ki, səfər çərçivəsində şəhərin Aydın Hacıyev küçəsi 50 ünvanında yerləşən Alman İcmasının Tarixi Muzeyinə baxış keçirilib.
Baxış zamanı muzeydə aparılmış əsaslı təmir bərpa işləri və eksponatların konservasiyası barədə geniş və ətraflı məlumat verilib.
Səfir Ralf Horlemann muzeydə aparılmış təmir işlərini yüksək qiymətləndirərək, Azərbaycan Prezidenti İlham Əliyevə və bu işdə əməyi olan hər bir kəsə dərin minnətdarlığını bildirib, muzeyin Azərbaycan və Almaniya dövlətləri arasında dostluq əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb:
"Alman xalqının bu bölgədə məskunlaşması, uzun müddət yerli əhali ilə dostluq və mehribanlıq şəraitində yaşaması Almaniya və Azərbaycan dövlətlərinin tarixidir və bu tarixə hər birimiz hörmətlə yanaşırıq. Bu muzey turizmin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək və gələcəkdə rayonun mirvarisinə çevriləcək".
Qeyd edək ki, səfiri Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Prezident Administrasiyasının nümayəndəsi Emin Eyvazov qarşılayıb.