Şeyxülislam Allahşükür Paşazadə iki ölkənin səfiri ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə iki ölkənin səfiri ilə görüşüb O, 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri barədə qonağı məlumatlandırıb
Xarici siyasət
3 Avqust , 2015 17:41
Şeyxülislam Allahşükür Paşazadə iki ölkənin səfiri ilə görüşüb

Bakı. 3 avqust. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfir bildirib ki, beynəlxalq miqyasda dinlərarası dialoq işinə böyük töhfələr verən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Belarus arasında dini-mənəvi əlaqələrin inkişafı üçün dəyərli səylər göstərib, dəfələrlə Belarusu ziyarət edərək, mötəbər beynəlxalq tədbirlərdə iştirak edib. A.Paşazadənin Belarusun fəxri Mitropoliti Filaret ilə uzun illər ərzində qardaşlıq və əməkdaşlığının böyük dəyər kəsb etdiyini bildirən səfir, bu əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Səfirə Azərbaycan və Belarus xalqları, dövlətləri arasında bütün müstəvilərdə əlaqələrin inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirən şeyxülislam A.Paşazadə N.Paskeviçə gələcək fəaliyyətində də uğurlar diləyib.

Görüşün sonunda səfirə xatirə hədiyyələri təqdim olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı da qəbul edib. Görüşdə Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışılıb, bu istiqamətdə görülməli olan işlər müzakirə edilib. Ölkəsindəki dini icmaların həyat və fəaliyyəti barədə məlumat verən səfir V.Pivonka Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.

QMİ sədri şeyxülislam A.Paşazadə 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri və uğurları barədə qonağı məlumatlandırıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqətin, multikultural həyat tərzinin inkişaf etdirilməsinin hər zaman gündəmdə olmasını xüsusi vurğulayan şeyxülislam A.Paşazadə bunun ölkənin ümumi tərəqqisində böyük rol oynadığını səfirin diqqətinə çatdırıb.

Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi