“Strateji tərəfdaşlıqla bağlı sənədin imzalanması Azərbaycanla Monteneqro arasında iqtisadi, siyasi, mədəni əlaqələrinin daha da gücləndirilməsi üçün möhkəm təməl olacaq”.
Bunu “Report”a müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç bildirib.
Azərbaycan tərəfinin bu sənədin imzalanmasına dair təşəbbüsünü alqışlayan spiker iki ölkə arasında yüksək səviyyədə gözəl münasibətlərin bərqərar olduğunu deyib: "Biz siyasi münasibətlərimizi ali hökumət səviyyəsində gücləndirmək üçün buradayıq, amma bundan sonra deputatlar, komitələr, dostluq qrupları və s. səviyyələrdə münasibətlərin güclənəcəyinə ümidvarıq".
O, Azərbaycana səfərinin bu ölkə ilə münasibətlərə nə qədər dəyər verdiklərinə, ölkəni və xalqını müsbət gördüklərinə dəlalət olduğunu söyləyib.
Onun fikrincə, Azərbaycana səfəri zamanı rəsmilərlə görüşlərində qeyd olunduğu kimi, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar var: “Əlbəttə, enerji, infrastruktur, turizm və sair sahələr münasibətlərimizin daha da güclənməsi baxımdan çox əlverişlidir”.
Monteneqro parlamentinin sədri iki ölkə arasında birgə iqtisadi əməkdaşlıq komissiyasının üçüncü iclasının paytaxt Podqoriçada keçirilməsini ticarət dövriyyəsinin daha da artması baxımdan mühüm hadisə kimi dəyərləndirib.
A.Beçiçin sözlərinə görə, Azərbaycan ilə Monteneqro parlamentləri arasında əməkdaşlıq üçün lazımi zəmin yaradılıb: "Belə ki, hər iki parlamentdə qarşılıqlı dostluq qrupları yaradılıb. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə qarşılıqlı təmasları daha da artırmaq barədə razılıq əldə edilib. S.Qafarova Monteneqro parlamentində Azərbaycanla dostluq qrupu üzvlərini Bakıya, Monteneqro parlamentinin spikeri isə milli Məclis sədrini Podqoriçaya səfərə dəvət edib. Daha sonra Milli Məclisdəki Monteneqro ilə dostluq qrupu üzvlərinin də səfər edəcəyi gözlənilir".