Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə nümayəndəliyinin sədri Petr Mixalko Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə görüşüb.
“Report” xəbər verir ki, görüş zamanı səfir Aİ ilə Azərbaycan, o cümlədən ölkənin müxtəlif regionları arasında sıx əməkdaşlığın qurulduğunu deyib.
Diplomat Aİ-nin Azərbaycanın müxtəlif şəhərlərində, həmçinin Lənkəranda “Avropa Günü”nü təşkil etdiyini xatırladıb.
O, 2024-cü ilin sonunadək həyata keçiriləcək "EU4Lankaran" layihəsi haqqında danışıb. Onun sözlərinə görə, bu layihə kiçik və orta biznes sahəsində regionun inkişafı üçün perspektivlər açacaq, yerli sakinlərə gəlirlərini artırmaq imkanı qazandıracaq.
P.Mixalko səfər çərçivəsində Lənkəran Dövlət Universitetində tələbələrlə görüşəcəyini bildirib.