Bakı. 6 mart. REPORT.AZ/ "ABŞ-ın Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir".
"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litsenberger deyib.
"Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda və Serbiyada çalışmışam. İndi isə Azərbaycana gəlməyimdən çox məmnunam", - Ö.Litsenberger bildirib.
"ABŞ və Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz 25 ildən çoxdur təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi mühüm sahələrdə əməkdaşlıq edir. ABŞ-ın Azərbaycandakı səfiri kimi ikitərəfli əməkdaşlığımızın bütün aspektlərini gücləndirməyə davam etmək naminə çalışacağam", - səfir söyləyib.
O, tezliklə Azərbaycana gələcəyini bildirib.
Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.